ETKİ – TEPKİ DİPLOMASİSİ ve TÜRK ENERJİ BİRLİĞİ
Ekim 8, 2019
PYD’NİN SONU
Ekim 17, 2019

Azərbaycanın Enerji Təhlükəsizliyi Siyasəti

Azərbaycanın enerji təhlükəsizliyi siyasəti

Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir. Əgər Samuel Hantinqton yaşadığımız XXI əsri dünya sivilizasiyalarının toqquşması əsri kimi xarakterizə edirdisə, müasir siyasi reallıqlar kontekstində bir sıra siyasi ekspertlər dünya siyasətinin aparıcı amili kimi dövlətlərin enerji ehtiyatlarına malik olub-olmaması ilə səciyyələndirirlər.

Enerji təhlükəsizliyinin siyasi məfhum kimi meydana çıxmasının tarixi başlanğıcı vardır. Belə ki, Birinci Dünya Müharibəsi ərəfəsində Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü siyasi mənzərəsini müəyyənləşdirən əsas şəxslərdən biri olan Uinston Çörçil ingilis donanmasının gəmilərinin enerji qaynağını kömürdən neftə keçirtmək haqqında tarixi bir qərar qəbul etdi. Çörçil ingilis donanmasını alman donanmasından daha sürətli etmək niyyətində idi. Lakin bu keçid Kral Dəniz Qüvvələrinin təkcə Uelsdəki kömürə deyil, eyni zamanda o dövrdə Fars körfəzindən gələcək neft tədarükünə olan etibarın vacibliyini də ifadə edirdi. Beləliklə, enerji təhlükəsizliyi milli strategiyanın əsas məsələsinə çevrildi.

Enerji təhlükəsizliyi bu gün də dünya dövlətlərinin bir nömrəli gündəm mövzusu olmaqda davam edir. Enerji təhlükəsizliyinə olan diqqət artan yüksək neft qiymətləri ilə əlaqələndirilir. Bununla yanaşı, terror təhlükəsi, bəzi ixracatçı ölkələrdəki qeyri-sabitlik, daxili və xarici siyasətdəki uzlaşmazlıqlar, geosiyasi rəqabət, həmçinin ölkələrin iqtisadi genişlənməsini təmin etmək üçün enerjiyə olan əsaslı ehtiyacı daha da artırır. Çox uzaq gələcəkdə deyil, qarşıda gələn onilliklərdə dünyanın enerji tələbatını ödəmək üçün kifayət qədər mənbələrin olub-olmayacağına dair narahatlıq artmaqda davam edir.

Enerji təhlükəsizliyinin hər kəs tərəfindən qəbul olunmuş vahid tərifi yoxdur. Əgər inkişaf etmiş ölkələr üçün bu əlverişli qiymətlərlə kifayət qədər tədarükün olmasıdırsa, fərqli ölkələr bu konsepsiyanı fərqli şəkildə izah edirlər. Belə ki, enerji ixrac edən ölkələr öz ixracatlarında “tələbat təhlükəsizliyini” qorumağa çalışırlar ki, bu da hökumət gəlirlərinin böyük hissəsini meydana gətirir. Rusiya üçün məqsəd “strateji ehtiyatlar” üzərində dövlət nəzarəti mexanizmini qoruyub saxlamaq və hidrokarbon ehtiyatlarını beynəlxalq bazara nəql etdiyi magistral boru kəmərləri üzərində üstünlük əldə etməkdən ibarətdir. İnkişaf etməkdə olan ölkələr üçün isə əsas məqam enerji qiymətlərindəki dəyişikliklərin onların tədiyyə balansına necə təsir etməsidir. Çin və Hindistan kimi ölkələr üçün enerji təhlükəsizliyinin mahiyyəti keçmiş öhdəliklərinin bir parçası olan özünü təminetmə məsələsindən uzaqlaşaraq qlobal bazarlardan yeni asılılığa sürətlə uyğunlaşma qabiliyyətindədir.

Məsələyə mövcud nümunələr kontekstindən yanaşdıqda Avropanın enerji təhlükəsizliyində Azərbaycan yeni, yeganə, alternativ eneji mənbəyi funksiyasına malikdir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar və ABŞ-ın Avrasiya Enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın təbiri ilə desək “Azərbaycan təbii qazı Cənub Dəhlizinin genişləndirilməsi üçün mütləq vacibdir.”

Bu mənada Cənub Qaz Dəhlizi layihəsi Orta Asiya və Xəzər bölgəsindən Avropaya təbii qazın nəql edilməsi və ən başlıcası Rusiyanın təbii qaz tədarükündən asılılığı ilə bağlı narahatlıqlarına Avropa İttifaqının reaksiyası hesab edilə bilər. Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə Azərbaycan qazı Avropaya nəql ediləcəkdir. Bu hədəfə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans Anadolu Boru Kəməri və Trans Adriatik Boru Kəmərinin inkişafı ilə nail olmaq mümkündür.

Bu məqsədlə 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Nəticə etibarilə Azərbaycan ilə Avropa İttifaqı  arasında olan münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuşdur. Əgər əvvəllər Azərbaycan bir vasitəçi ölkə kimi görünürdüsə, hal-hazırda ölkəmiz Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilməkdədir. Bu həm də bir mənada o deməkdir ki, boru kəmərləri Azərbycana Avropa İttifaqı ilə münasibətlərində daha çox səlahiyyətlər verəcəkdir.

Bundan əlavə, Azərbaycan Respublikası zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malikdir. Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir. Bütün bu amilləri nəzərə alaraq Avropa İttifaqı Azərbaycanla münasibətlərinə xüsusi diqqət yetirir. 9 iyul 2019-cu ildə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri bu münasibətin əsas göstəricilərindən biridir. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçməkdədir.” Öz növbəsində Donald Tusk bəyan etdi: “Avropa İttifaqı ilə Azərbaycan hər il bir-birinə daha da yaxınlaşır. Münasibətlərimiz daha da güclənir və Cənub Qaz Dəhlizi layihəsi bizi birləşdirir. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, xalqlarımıza fayda gətirməli və Azərbaycanın öz islahat proseslərini və iqtisadi şaxələndirilməsini müşayiət etməlidir.”

Son dörd ildə Azərbaycan və Avropa İttifaqının təşəbbüsü ilə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilmişdir. 2015-ci ildən bəri Avropa İttifaqı bu tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur.

Bu məqamda xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa Ümummilli Lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir. Müqavilə 20 sentyabr 1994-cü ildə imzalandığı müddətdə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə Ümummilli Lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi.

Qeyd olunduğu kimi Cənub Qaz Dəhlizi Layihəsinin təşəbbüskarı Azərbaycan Respublikası olmuşdur. Hal-hazırda sözügedən layihənin reallaşması istiqamətində  son tamamlanma işləri  başa çatmaqdadır və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını birbaşa Avropaya çatdırmağa hazırdır. TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən uzun və ən böyük təbii qaz kəməri hesab olunur.

Nəticə etibarilə “Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqının əsas enerji və geosiyasi təşəbbüsü olaraq qalacaq və Azərbaycan öz qazını Avropa İttifaqına ixrac etməkdə maraqlıdır.. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) tamamlandıqdan sonra Azərbaycan Şahdəniz 2 yatağından çıxarılan təbii qazı TANAP və TAP vasitəsilə Avropaya ötürəcəkdir. Onu da qeyd etmək lazımdır ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə işlərin 88 faizdən çoxu tamamlanmışdır.

Şəbnəm Həsənova

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının doktorantı

Türkiyə enerji strategiyaları və siyasəti araşdırma mərkəzinin tədqiqatçı eksperti

Bir cevap yazın